EastArc Publishing · Blog

Peer review prosesi necə işləyir?

Redaksiya yoxlamasından qərara qədər ikiqat kor rəy prosesinin əsas mərhələləri.

Peer review elmi məqalənin mövzu uyğunluğu, metodoloji etibarlılığı, arqumentasiyası və elmi töhfəsinin müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsidir. JESHS ikiqat kor rəy prinsipini əsas götürür.

1. İlkin redaksiya yoxlaması

Əlyazma jurnalın əhatə dairəsi, formatı, elmi səviyyəsi və etik tələbləri baxımından yoxlanır. Uyğun olmayan məqalə rəyçiyə göndərilmədən redaksiya qərarı ala bilər.

2. Rəyçilərin seçilməsi

Redaktor mövzu üzrə ekspert, müəlliflə maraqlar toqquşması olmayan rəyçilər seçir. İkiqat kor modeldə müəllif və rəyçi bir-birinin kimliyini bilmir.

3. Elmi qiymətləndirmə

Rəyçilər yenilik, metodologiya, məlumatların təhlili, ədəbiyyatla əlaqə, nəticələrin əsaslandırılması və təqdimat keyfiyyətini qiymətləndirirlər.

4. Redaksiya qərarı

Mümkün qərarlar qəbul, kiçik düzəliş, əsaslı düzəliş və ya rədd ola bilər. Rəyçi tövsiyəsi mühüm olsa da, yekun qərar redaksiyaya məxsusdur.

5. Düzəliş və cavab məktubu

Müəllif hər rəyə maddə-maddə cavab verməli, edilən dəyişiklikləri dəqiq göstərməli və razılaşmadığı məqamlarda elmi əsaslandırma təqdim etməlidir.